Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Mirişli Şəhriyar Bəxtiyar oğlunun xatirəsi ehtiramla anıldı.

23 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
23 oktyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Mirişli Şəhriyar Bəxtiyar oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin  yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Mirişli Şəhriyar Bəxtiyar oğlu - 1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Şəhriyar Mirişli 2020-ci ildə həqiqi hərbi xidmətə başlamışdır.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Şəhriyar Mirişli  Laçın rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Şəhriyar Mirişli 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Şəhriyar Mirişli ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər