Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elvin Kərimovun və Vüqar Sarıyevin xatirəsi ehtiramla anıldı.

10 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
Biləsuvarda 10 oktyabr 2021-ci il tarixində  Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Elvin Kərimovun və Vüqar Sarıyevin xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidlərin ata ocağını ziyarət edərək onların valideynləri ilə görüşüblər. Amankənd kəndində ailəsi tərəfindən şəhid Vüqar Sarıyevin   əziz xatirəsinə inşa olunmuş bulağın açılış mərasimi də keçirilib.  Mərasimlərdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.Tədbir zamanı qəhrəman şəhidlərimizin məzarları ziyarət olunaraq, yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı olmuşdur.
Elvin Mürşüd oğlu Kərimov - 13 sentyabr 1985-ci  ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Orta təhsilini Çaylı kənd tam orta məktəbində almışdır. Ailəli idi, üç qız övladı əmanət qaldı.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Elvin Kərimov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Laçın rayonu istiqamətində gedən döyüşlərdə və Suqovuşan əməliyyatında düşmənə qarşı vuruşaraq şəhid olmuşdur.
Şəhid Elvin Kərimov 10 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Çaylı kənd qəbristanlığında  dəfn olunmuşdur. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elvin Kərimov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Vüqar Fikrət oğlu Sarıyev - 26 noyabr 1990-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Amankənd kənd tam orta məktəbini bitirdikdən sonra peşə təhsili almışdır. Ailəli idi, 2 oğlu və 1 qızı yadigar qaldı.
Vüqar Sarıyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi qulluqçu olaraq Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib. 
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə qatılaraq Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Vüqar Sarıyev 10 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Amankənd kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Vüqar Sarıyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər