Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.

05 oktyabr 2018 | 16:00

05 oktyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının  rəhbərləri, təhsil işçiləri, məktəb direktorları və müəllimlər iştirak etdi.
İştirakçılar əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbirdə Biləsuvar rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov çıxış edərək  rayonda təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi və müəllimlərin qazandığı uğurlardan danışdı.B.Kazımov qeyd etdi ki, son illər rayonumuzda inşa olunan və əsaslı təmir aparılan təhsil ocaqları ən müasir standartlara cavab verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 18 sentyabr 2018-ci il tarixdə rayonumuza növbəti səfərindən sonra  Biləsuvar şəhər Nizami adına 1 saylı tam orta məktəb üçün 1176 şagird yerlik yeni binanın tikintisinə sərəncam vermişdir.
Ölkə rəhbərinin rayonumuzun təhsil işçilərinə verilən yüksək qiymətin nəticəsidir ki, təkcə son illər 8 nəfər müəllimimizə “Əməkdar müəllim”, 9 nəfər müəllimimizə isə “Tərəqqi” medalı verilmişdir. Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr  2018-ci il tarixli Sərəncamı ilə Biləsuvar şəhər 4 saylı tam orta məktəbin direktor müavini Dəmirova Aidə Saday qızı  “Tərəqqi”medalına  layiq görülmüşdür.
B.Kazımov  ötən illər ərzində rayonumuzun ölkə təhsilinə verdiyi  töhvələrini qeyd edərək bildirmişdir ki, ayrı-ayrı  ali təhsil müəssisələrin məzunları olan biləsuvarlılar  hazırda respublikamızın ən müxtəlif  fəaliyyət sahələrində çalışırlar.Rayonumuzda yeni istifadəyə verilən  təhil  ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları  təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir. Natiq vurğulamışdır ki, bu uğurlar həm də   Biləsuvar rayonunun təhsil müəssisələrində çalışan  pedoqoji  kollektivlərin gərgin əməyi sayəsində mümküm olmuşdur.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək rayonun təhsil işçilərini və müəllimləri peşə bayramları münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.M.Quliyev bildirdi ki,  respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əldə olunan  tarixi nailiyyətlər məhz Ümummilli Lider Heydər Əliyev  və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı  olan, cənab Prezidentimiz   İlham Əliyevin gərgin əməyinin nəticəsidir.Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar  Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsİl sisteminə inteqrasiyasını təmin etmişdir. Respublikamızda təhsil sahəsində aparılan islahatlar,  bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir.
Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın  ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verir. Son illər rayonumuzda  13 yeni məktəb tikilmiş  7 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir. Hazırda Öklə rəhbərinin müvafiq sərəncamı ilə  Biləsuvar şəhər Nizami adına 1 saylı tam orta məktəb üçün 1176 şagird yerlik yeni binanın tikintisinə başlanılmışdır. Təhsil ocaqlarının  maddi-texniki bazası hər il yenilənir, informasiya kommunikasiya texnologiyaları ilə  təminat  yaxşılaşdırılır.Görülən bu işlər müəllimlərimizin rahat və gözəl binalarda işləmələrinə, şagirdlərimizin isə gözəl məktəblərdə dərs keçmələrinə yaradılan şəraitdir. Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməlidir.Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs olaraq, cəmiyyətin ən əziz, ən qiymətli sərvətini - uşaqları, şagirdləri  elmə, təhsilə mükəmməl yönləndirməli, həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, "Təhsil haqqında" qanunda təsbit olunduğu kimi, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir".
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxışının sonunda bir daha  müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, onlara ən xoş arzularını bildirdi.
Sonra  bir qrup təhsil işçisi çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına İlham Əliyev cənablarına və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda  təhsildə fərqləndiklərinə görə bir qrup müəllimə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və  hədiyyələri təqdim olundu.

Keçidlər