Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

02 noyabr 2018 | 16:00

02 noyabr 2018-ci il tarixdə Biləsuvar rayon  Heydər Əliyev Mərkəzində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. 
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, məktəb direktorları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan, repressiya qurbanı  Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamının əhəmiyyətindən danışdı.
Bildirdi ki, Mikayıl Müşfiq  Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şair, sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır.Mikayıl Müşfiq tariximizdə də, yaddaşımızda da, qəlbimizdə də bundan sonra da  otuz yaşlı çılğın bir gənc kimi qalacaqdır.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət idarəsinin rəis müavini Rəfiqə xanım Cəfərova çıxış edərək Azərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında geniş və ətraflı məlumat verdi.
Bildirdi ki, Mikayıl İsmayılzadə 1908-ci ildə Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb.1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.Mikayıl Müşfiqin adı Azərbaycanın söz, mənəviyyat tarixində əbədi yaşayacaqdır. O, XX əsr Azərbaycan ədəbiyyatının, şeirinin ən parlaq simalarından biridir. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Şairin 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq isə “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. 1968-ci ildə Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
Yubiley tədbiri Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş bədii hissə ilə davam etdirildi.

Keçidlər