Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni işğalçılarının Rusiyadan və Serbiyadan silah alması növbəti təxribatların törədilməsinə zəmin yaradır.

14 avqust 2020 | 16:00

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb.
Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb.
Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.
Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.
Avqustun 12-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Cənab İlham Əliyev həmçinin Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Təəssüf hissi ilə qeyd edirik ki, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan və çəkisi 400 tondan artıq oldan bu hərbi yüklər 3 müsəlman ölkəsinin sərhədləri daxilindən daşınaraq işğalçıya çatdırılmışdır.
Rusiyadan başqa işğalçı Ermənistan rəhbərliyi döyüşü başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.Bu faktlar bir daha göstərir ki, Tovuz rayonunun Ermənistanla sərhəd kəndlərinə işğalçıların hüçumu Azərbaycanla sərhəddə hərbi təxribatın əvvəlcədən hazırlandığını və planlaşdırıldığını  göstərir.
Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə deyib ki,  mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir.

Keçidlər